"Azərbaycanlı" ifadəsi bir etnonim deyil. Bu sözü tez-tez işlədənlər cəhalət və ya Türk düşmənliyi xəstəliyindən əziyyət çəkir. Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin "Azərbaycanlı" tanımlamasını önə çıxarmasına səbəb coğrafi rəngarənglikdən istifadə edə biləcək daxili xainlərin qarşısını almaq idi. Lakin Heydər Əliyevin bu fikrini alayarımçıq və əsassız istiqamətlərə yönəltmək, "Azəri" adını iranilərə aid etmək kimi cəhdlər müşahidə olunur. Azərbaycan və ya Azəri adları istənilən halda bu torpağın Turan yurdu olduğunu isbat edir.
Azərbaycanın "Bundaxşində" "Âtûrpâtagân" adı ilə verilməsi olduqca qəribədir. Bilindiyi kimi, bir rəvayətə görə Zərdüştlüyün ilk atəş məbədi (əfsanəvi) Midiya Kralı Gürşasp zamanında Azərbaycanda açıldığı üçün Azərbaycan adının "Atəş ölkəsi" Mənasını verdiyi deyilmişdir. Lakin "Âtûrpâtagân" adı bizcə "Uca Turan Ölkəsi" mənasına bənzəməkdədir. Çünki bu söz Tur və Patay sözcüklərindən ibarətdir. "Tur" farsların Türklər və Türksoylular üçün işlətdiyi addır. Cəm şəkilçisi ilə "Tur+Ân"-dır. Patay isə Pəhləvicə ölkə, Vətən, yer deməkdir (Bax: Bayraktar M. Medler ve Türkler, səh. 398, dipnot).
Beləliklə, boş nəzəri səfsətələrdən ayılmaq zamanıdır. Düşünmək lazımdır ki, Azərbaycana ilk Türk köçü minlərlə il əvvəl başlayıb. Bu mənada müasir dövrün qabaqcıl genetiklərindən olan Anatoli Klyosov qeyd edir ki, "R1b" haploqrupunu daşıyan türkdilli tayfalar 6000 il əvvəl Orta Volqa və Samara vasitəsilə Cənubi Sibirdən Qafqaza gəliblər və burada məskunlaşdıqdan sonra bəziləri Anadoluya doğru köçüblər. Hesab edirəm ki, təkcə bu həqiqət və əlahəzrət fakt kifayətdir...
Görünən odur ki, biz nə farsların iddia etdiyi kimi sonradan Türk olmuşuq, nə də Türklər buraya gəlmədir. Biz ta əzəldən Türk idik. Gəlmə olan isə biz deyil, farslardır. Bütün tarixi mənbələr də eyni həqiqəti təsdiq və təkrar edir ki, "...hər halda, eramızdan əvvəl VI əsrin sonu və ya V əsrin əvvəllərində Midiya ölkəsində proto-İran xalqına aid heç bir əsər-əlamət yox idi..."
Nağıbəyov Məmmədtağıbəy, BDU Jurnalistika fakültəsinin tələbəsi